20 Yanvar faciəsinə həsr olunmuş “ İstiqlalın sönməyən çıraqları” adlı tədbir keçirildi
Yanvarın 19-da məktəbimizdə Yasamal rayon İcra Hakimiyyətinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş rayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərləri, İctimai Birliklərin rayon təşkilatları, ictimaiyyətin nümayəndələri, 20 Yanvar şəhid ailələri və əlilləri, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbir başlamamışdan öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova vurğuladı ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il ötür. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışdı. Qeyd etdi ki, o müdhiş gecədə günahsız insanların qanı axıdılıb, azadlıq yolunda Vətən övladları canlarını qurban veriblər. Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə qazanılan nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi.
Məktəbimizin məzunu olmuş 20 Yanvar şəhidi Şövkət Ağayevin qızı Sevinc Ağayeva 27 il sonra möhtərəm Prezident Cənab İlham Əliyevin sərəncamı ilə atasına 20 Yanvar şəhidi statusunun verilməsinə görə ölkə başçısına ailəsi adından minnətdarlığını bildirdi. Sonda məktəbimizin şagirdlərinin ifasında “ İstiqlalın sönməyən çıraqları” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.