Ekoklub üzvləri Planetariumda
Bu il Beynəlxalq Astronomiya İttifaqı (IAU) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl ərzində keçiriləcək bayram tədbirlərində əsas diqqət astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcək. Tusi-Bohm Planetarium və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə yanvarın 10-dan 13-dək keçirilən və bütün dünyada qeyd olunan “100 saat astronomiya” tədbirində məktəbimizin “Ekoklub” üzvləri də iştirak etmişlər. Yanvar ayının 12-də keçirilən “Kosmik kostyum” müsabiqəsində “Ekoklub”un üzvləri yad planetli kosmonavt kostyumunu təqdim etmişlər. Bu nominasiyada fəal iştirakına görə Lamiyə İsmayılzadə və Əflatun İsmayılzadə Tusi-Bohm Planetarium və RUGİM-in sertifikatına layiq görülmüşlər. Yanvarın 13-də “Ekoklub üzvləri”nin iştirakı ilə bu sahənin mütəxəssisləri tərəfindən şagirdlər üçün maarifləndirici filmlər nümayiş etdirilmişdir. Kainatın sirləri, Yer planetində həyatın yaranması və uzaq planetlər haqqında maraqlı məlumatlar məktəblilərdə xüsusi təəssürat yaradaraq astronomiya sahəsində biliklərini artırmışdır.