“Qan ver, xilas et!”adlı qanvermə aksiyası keçirildi
24.12.2018-ci il tarixində məktəbimizdə “Qan ver, xilas et!” adlı qanvermə aksiyası keçirildi. Aksiyadan öncə məktəbimizin biologiya müəllimi Tahirə Məmmədbəyova aksiya iştirakçıları üçün "Bir damla qan qurtarar can" mövzusunda maarifləndirici seminar keçirdi. O, qan xəstəliklərinin mənşəyi, əmələ gəlmə səbəblərindən söz açaraq, talassemiya, leykomiya, hemofiliya xəstəlikləri haqqında ətraflı məlumat verdi. Seminar valideynlər və şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə bu cür kütləvi aksiyaların talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün nə dərəcədə əhəmiyyətli olduğu vurğulandı. Seminardan sonra “Qan ver, xilas et” adlı videoçarx nümayiş olundu və aksiyaya start verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində Mərkəzi Qan Bankı və məktəbimizin təşkilatçılığı ilə keçirilən aksiyada məktəbin bir çox müəllimləri və valideynləri iştirak etdi. Aksiyada böyük həvəslə iştirak edən məzunlarımız da qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli işə qoşuldular. Onlar belə aksiyalarda iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu qeyd etdilər. Gələcək illərdə ənənə halına çevrilə bıləcək bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiya və hemofiliyalı xəstələrə, uşaqlara yardım etməkdən ibarətdir.