PASCH layihəsi davam edir
Məktəbimiz 2009-cu ildən PASCH məktəbi kimi alman dilinin tədrisi ilə məşğuldur. PASCH-dünyanın partnyor məktəbləri deməkdir. Dünyada 1500 məktəb bu proyektə daxildir. Almaniya Federativ Respublikasının Höte İnstitutu məktəbimizdə beynəlxalq miqyasda tanınan Höte Sertifikat İmtahanları keçirir.
Oktyabrın 22-də məktəbimizdə Fit I və Fit II imtahanlarında müvəffəqiyyət qazanmış şagirdlərə sertifikat təqdimetmə mərasimi keçirildi. Sertifikatları Höte İnstitutunun nümayəndəsi Aike Pockrandt təqdim etdi. O, şagirdləri səmimi qəlbdən təbrik edərək, onlara alman dilinin öyrənilməsində daha yüksək nailiyyətlər əldə etməyi arzu etdi. Eləcə də həmin gün Höte İnstitutu və 18 nömrəli tam orta məktəb arasında bağlanan PASCH müqaviləsinin müddəti 2018/2019-cu tədris ili üçün uzadıldı. Hər iki tərəf müqaviləyə imza atdı. Bu müqaviləyə əsasən məktəbin şagirdləri yenə də əvvəlki illərdə olduğu kimi, dil səviyyəsini müəyyən edən imtahanlarda iştirak etmək, təqaüd alaraq Almaniyada dil kurslarında alman dilini daha dərindən öyrənmək imkanı əldə edəcəklər. Eyni zamanda şagirdlərimiz və müəllimlərimiz müxtəlif dərəcəli səviyyə imtahanları verərək Almaniya və Gürcüstanda iki həftəlik yay düşərgəsində qala bilərlər.