"Xalqı yaşadan ucalıq"- 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir
19 yanvar 2016-cı il tarixində M.Müşfiq adına 18 № li tam orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş “Xalqı yaşadan ucalıq” adlı ədəbi-bədii tədbir keçirildi. Məktəbin dəhlizlərində şagirdlərin tədbirdən öncə keçirilmiş “Nəsilləri yaşadan qan yaddaşı” adlı rəsm müsabiqəsinə təqdim etdikləri əl işlərinin sərgisi təşkil olunmuşdu. Sərgi tədbirə gələn qonaqların böyük marağına səbəb oldu.Tədbirin gedişi boyu şagirdlər xüsusi molbertlər üzərində 20 Yanvar faciəsini əks etdirən rəsmlər çəkirdilər. Tədbirdən çıxan qonaqlar bu rəsmləri yıksək qiymətləndirdilər və rəsm müəllifi olan şagirdlərə faciə ilə bağlı ünvanladıqları suallara da məzmunlu və dolğun cavab alaraq məmnun qaldılar. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən məktəbin direktoru R.Süleymanova həmin gecədə şahidi olduğu hadisələrdən söz açdı, bu tarixi hadisəni xalqımızın qanına, canına, ruhuna, qəlbinə hopmuş qəhrəmanlıq səhifəsi kimi səciyyələndirdi: “Tarixə yazılmış bu bircə gün xalqı bir xalq kimi yenidən yaşatdı, onun nəyə qadir olduğunu bütün dünyaya sübut etdi, xalqı əbədi olaraq müstəqillik ruhuna köklədi. Xalqın azadlığı, xoşbəxtliyi naminə canından keçənlər öz adlarını omürlük olaraq tarixə həkk etdilər və şəhidlik zirvəsinə yüksələn ölümləri ilə ən yeni tariximizin ilk səhifəsini yazdılar...” Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, 20 Yanvar fondunun sədri, şəhid Ülvi Bünyadzadənin qardaşı Şövqi Bünyadov, Yasamal rayonunun prokuroru, Rayon Qadınlar Şurasının sədri, şəhid ailələrinin üzvləri, Yasamal rayonunda yerləşən məktəblərin direktorları, şagird və valideynləri iştirak edirdilər. Çıxış edənlər qanlı qırğının törədildiyi o müdhiş gecəni ürək yanğısı ilə xatırladılar, hadisələrin əsl mahiyyətini şagirdlərə şərh etdilər. 20 Yanvar şəhidlərinin ailələrinə yüksək dövlət qayğısının göstərildiyini və bunun çox böyük mənəvi dəstək olduğunu qeyd edən Şəhid Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyevanın kövrək və həyəcanlı çıxışı tədbir iştirakçılarında emosional ovqatın yaranmasına səbəb oldu. Tədbir şagirdlərin hazırladıqları kompozisiyanın nümayişi ilə yekunlaşdı.