Mikayıl Müşfiqin 110 illiyi qeyd olundu
Oktyabrın 1- də Rəşid Behbudov adına mahnı teatrında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Ulduzlar fikrimin çıraqbanıdır” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, " Cabir Novruz Mədəniyyət fondu" və Mikayıl Müşfiq adına 18 nömrəli məktəbin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Tədbirdə Mikayıl Müşfiqin ədəbiyyatımızda və pedaqoji fikir tarixində özünəməxsus yerini vurğulayan yazıçı və şairlər, onun qısa həyat yolu, romantik ruhlu şeirləri, vətən eşqi ilə vuran ürəyi, qısa həyatı ərzində yaratdığı sənət inciləri haqqında geniş söhbət açdılar. Xalq şairi Nəriman Həsənzadə Müşfiqlə bağlı olan düşüncə və xatirələrini danışdı, Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairin fitri istedad sahibi olmasından, qeyri-adi hafizəsindən,"dağ şəlaləsini xatırladan" lirik şeirlərindən söz açdı. Sonra tədbir nəğməkar şairin sözlərinə bəstələnən gözəl, əvəzolunmaz ifalarla davam etdirildi. Böyük şairlərin yaşı olmur, onların yaşı əsrlərlə ölçülür.
Mikayıl Müşfiq təkcə Azərbaycan dünyasının şairi deyil, o, bütün türk dünyasının insaniyyət şairidir. Bu il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mikayıl Müşfiqin 110 illiyi qeyd edilir. Məktəbimiz 1968-ci ildən etibarən(şairin anadan olmasının 60 illiyi münasibətilə) Mikayıl Müşfiqin adını daşıyır. Biz fəxr edirik ki, məhz onun adını daşıyan məktəbdə oxuyur və addımlayırıq.
Yubiley tədbirləri davam edəcək.