“Azərbaycan Xalq Cümhuriyyəti- dövlətçiliyimizin bayraqdarıdır” mövzusuna həsr olunmuş dəyirmi masa
17.09.2018-ci il tarixində məktəbimizdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarıdır” mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə filologiya elmləri üzrə fəlsəfə doktoru, professor, Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, məktəbimizin müəllimləri, X-XI sinif şagirdləri iştirak edirdilər. Tədbir Azərbaycan Respublikası təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinə əsasən ilk dərs məşğələlərinin X-XI siniflər üçün nəzərdə tutduğu mövzuya həsr olunmuşdu. Məktəbin direktoru Rəna Süleymanova qonaqları salamlayaraq, müstəqillik tariximiz haqqında qısa məlumat verdi. Sonra məktəbimizin müəllimləri Şəlalə Mirzalıyeva və Aynur Mustafayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, hökümət üzvlərinin fəaliyyətindən geniş söhbət açdılar. Daha sonra millət vəkili Jalə Əliyeva çıxış edərək, müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin sütunları üzərində qurulduğunu qeyd etdi. O, çağdaş Azərbaycanın qurucusu, memarı olan Heydər Əliyevin fəaliyyətindən geniş söhbət açdı. Bugünkü işıq saçan, dünya dövlətləri arasında söz sahibi olan ölkəmizin etibarlı əllərdə olduğunu vurğuladı. Məktəbimizin şagirdləri diskussiyada fəal iştirak etdilər. Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş video-çarx nümayiş etdirildi.