Şirvan Milli Parkına ekskursiya
Məktəbimizdə fəaliyyət göstərən “Ekoerudit” ekoklubunun üzvləri may ayının 5-də Şirvan Milli Parkına ekskursiyada oldular. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil edilmiş ekskursiya zamanı məktəblilər Milli Parkın Ekoturizm mərkəzinin ekspozisiyası ilə tanış oldular. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti Natiq İsmayılov,Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Lalə Dadaşova və Milli Parkın əməkdaşları Parkın yaranma tarixi, ərazisi, bioloji müxtəlifliyi, Azərbaycan təbiətinin bəzəyi olan ceyranlar haqqında geniş məlumat verdilər. Şirvan torpağının qədim tarixini əks etdirən arxeoloji tapıntılar məktəblilərin marağına səbəb oldu.
Sonra ekskursiya iştirakçıları “Qızılqaz gölü”nə səyahət etdilər. Gənc ekoloqlar ceyranları və göldə məskunlaşan quşları xüsusi teleskop və binokllarla seyr etdilər. Məktəblilər ekosistemdə qida əlaqələrini əks etdirən ekoloji oyunda, viktorinada iştirak etdilər. Biomüxtəlifliyin təbiətdə və ekoloji tarazlığın saxlanmasında əhəmiyyəti qeyd olundu. GİZ tərəfindən nəşr olunmuş bioloji müxtəlifliyi əks etdirən təyinedicilər, “Azərbaycanın təbiət gözəllikləri” adlı videofilmlər məktəblilərə hədiyyə edildi. Ekoklub üzvləri yeni təəssüratlar və xatirə foto-şəkilləri ilə Şirvan Milli Parkından ayrıldılar.