Yazıçı Elçin Hüseynbəyli məktəbimizin qonağı oldu
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrini əsas götürərək M.Müşfiq adına 18№ li məktəbdə də silsilə tədbirlər keçirildi. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Məktəbin 3ç, 3c, 3d sinifləri yazıçı- dramaturq Elçin Hüseynbəylinin “Nəvə” hekayəsinin müzakirəsini keçirdilər. Əsərin müəllifi dəvətimizi qəbul edib məktəbimizin qonağı oldu. Müzakirədə 3ç sinif müəllimi Qarayeva Mehriban, 3c sinif müəllimi Şirəliyeva Kifayət və 3d sinif müəllimi Məmmədova Fəridə şagirdləri ilə birlikdə iştirak etdilər. Müzakirələr zamanı şagirdlər əsərdəki qəhrəmana, onun hərəkətlərinə, davranışına öz münasibətinlərini bildirdilər. Şagirdlər tərəfindən çəkilmiş və hekayənin süjet xəttini əks etdirən silsilə şəkillər nümayiş olundu. Üçüncülərin iştirakı ilə əsərin müəyyən hissəsi səhnələşdirildi və müzakirə zamanı şagirdlər yazıçı Elçin Hüseynbəyliyə maraqlı suallarla müraciət etdilər. Müzakirənin sonunda yazıçı çıxış edərək şagirdlərə təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.