Heydər Əliyev Mərkəzinə ekskursiya
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 13 aprel 2018-ci il tarixdə Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 60 nəfər 7-ci sinif şagirdi və “Ekoklub” üzvləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Ümummilli liderin adını daşıyan Mərkəz dünyanın ən möhtəşəm memarlıq abidələrindən biri olaraq müasirliyi və təkrarsızlığı ilə seçilir.
Məktəblilər ilk öncə Mərkəzin ekspozisiya zalında nümayiş etdirilən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə istifadə etdiyi avtomobillərlə tanış oldular. Mərkəzin "Azərbaycan inciləri" adlı sərgi salonu şagirdlərin böyük marağına səbəb oldu. Sərgidə ölkəmizin tarixi və mədəni irsini, Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən unikal eksponatlar haqqında maraqlı məlumatlar məktəblilərdə xalqımızın zəngin mədəni irsi barədə dərin təəssürat yaratdı. Sərgidə arxeoloji qazıntlılar zamanı Qobustan dövlət tarixi-bədii qoruğunda aşkarlanmış qayaüstü təsvirlər, zinət əşyaları, numizmatika, orta əsrlərə aid gil və keramika nümunələri, Tövrat, İncil və Quranın qədim əlyazmaları ilə tanış oldular. Müxtəlif regionlara məxsus Azərbaycanın milli geyim nümunələri və xalçaları milli ənənələrimizi bir daha təcəssüm etdirdi.Azərbaycanın qədim musiqi alətləri nümayiş etdirilən sərgidə uşaqlar alətlərə yaxınlaşmaqla ayrı-ayrılıqda onların səslənməsini dinləyə bildilər.
Üçüncü mərtəbədə yerləşən "Mini Azərbaycan" adlı sərgidə Bakı şəhərinin və Azərbaycanın digər bölgələrinin tarixi-memarlıq əhəmiyyətinə malik 45 binasının maketləri şagirdlər tərəfindən xüsusi maraqla qarşılandı. Möhtəşəm binanın unikal ekspozisiyaları məktəblilərin xalqımızın tarixi və mədəni irsi haqqında biliklərinin daha da artırılmasına şərait yaratdı. Şagirdlər zəngin təəssüratlar və xatirə foto-şəkilləri ilə məktəbə qayıtdılar.