Yaddaşın rəmzi

Martın 29-da məktəbimizin  bir qrup şagird və müəllimi   “Quba Soyqırım Memorial Kompleksi”ni ziyarət etdi. Xatirə kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlarda həlak olan on minlərlə azərbaycanlının əbədi xatirəsinə ucaldılmışdır. Hamımız  bu möhtəşəm abidə kompleksinə daxil olaraq, əlimizdəki  gül dəstələrini əbədi məzarlığın önündə yerləşən xatirə daşının üzərinə qoyduq. Sonra  kompleksin giriş hissəsində sərgilənən ekspozisiyalarla tanış olduq.  Üç dildə hazırlanmış və nəfis lövhələrdə yerləşdirilmiş ekspozisiyalarda 1918-ci il hadisələri, müsəlman əhalisinin soyqırımı öz əksini tapmışdır. Qeyd edək ki, 2007-ci ildə Quba şəhər stadionunda  tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.

Şagirdlər muzeyin orta hissəsində yerləşən “qara xatirə daşı” ətrafında yaddaşımıza  31 Mart soyqırımı kimi həkk olunan tarixin köklərinə xronoloji baxış keçirdilər.  Onlar  həmin illərdə müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı həlak olanlardan, baş vermiş hadisəyə kimlərin başçılıq etdiyindən, uzun müddət gizli saxlanılan  arxiv sənədlərindən və statistik məlumatlardan söhbət açaraq film-reportaj hazırladılar. Abidənin möhtəşəmliyi və unikallığı, insan baxışlarından ibarət  nəhəng metal  lövhə, işıqlanan qara xatirə daşı, muzeydəki atmosfer hamını heyrətə gətirmişdi. Bizi riqqətə gətirən təəssüratları xatirə kitabına köçürdük. Sonda şagirdlərimiz  öz çıxışlarını muzeyin ərazisində ucalan  Azərbaycan Respublikasının Dövlət Bayrağı qarşısında kompozisiya ilə tamamlayaraq, tariximizin qan yaddaşına hopan  bu tarixi hadisəni və bu günü  əbədi yaddaş  rəmzinə çevirdilər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi