Yaxşılıq itməz!
Bu gün məktəbin kollektivi ilə birlikdə Qarabağ qazisi Xəyyam Çələbinin ziyarətinə getdik. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə ayağının birini itirən Xəyyam Çələbi hal-hazırda ağır leykoz xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də məktəbdə 16.02.2018-ci il tarixdə keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına onun müalicəsinin bir hissəsini ödəməyə qərar verdik. Məktəbin direktoru Rəna Süleymanova, yuxarı sinif şagirdlərinin bir qismi, direktor müavini İlahə Məmmədova və valideynlərlə birlikdə Xəyyam Çələbinin evinə yollandıq. Bizi gülərüzlə qarşılayan Qarabağ qazisi keçdiyi ağır döyüş yolundan söhbət açdı. Onun qəhrəmanlıq salnaməsi, mübarizə əzmi ilə döyünən döyüşkən ruhu şagirdlərimizə böyük təsir bağışladı. Xəyyam Çələbinin vətənə, dövlətə olan sədaqəti, sonsuz vətənpərvərlik hissi, həyat eşqi hər birimizi mütəəssir etdi. Bu xoş təəssüratlarla Qarabağ qazisi Xəyyam Çələbidən ayrıldıq və Allahdan ona tezliklə şəfa tapmasını dilədik.