“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin yarışı keçirildi
“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin təşkilatçılığı ilə yeni bir layihə ilə çıxış etdi. “İslam həmrəyliyi”-nə həsr olunmuş layihədə komanda şəklində oyun həyata keçirildi. Komandalar tərkibi 5 nəfərdən ibarət olan Tövhid, Zəm-zəm, Aypara adları ilə özlərini təqdim etdilər. Oyun suallarının sayı 19 idi. İslam tarixində 19 rəqəminin əhəmiyyətindən bəhs edən Səfərbəy Səfərbərov yarışı açıq elan etdi. Yarış çox maraqlı və həyəcanlı anlarla yadda qaldı. Zalda əyləşənlərə də müxtəlif suallarla müraciət olundu. Nəhayətdə Zəm-Zəm komandası 17 bal ilə irəli keçərək yarışın qalibi elan olundu. Layihənin mahiyyəti maarifləndirmə yolu ilə yeniyetmələrdə sağlam düşüncənin, əxlaq formalaşmasının, multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət, sevgi ruhunda tərbiyənin aşılanmasına yönəlib. Gənclərimizdə sağlam milli əxlaq dəyərlərimizin kənar təsirlərə məruz qalmadan inkişafına yönələn bu layihədə şagirdlərimiz yaxından iştirak etdilər.