“Arşın mal alan” tamaşaya qoyuldu
Martın 15-də şagirdlərimiz xeyriyyə məqsədilə hazırladıqları Üzeyr Hacıbəyovun “Arşın mal alan” tamaşasını tamaşaçılara təqdim etdilər. Şagirdlərimizin həvəslə, sevə-sevə hazırladıqları bu tamaşa müəllim kollektivi, valideynlər və şagirdlər tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycan ədəbiyyatının incisi sayılan bu əsərdə şagirdlərin yaratdığı obrazlar özünəməxsusluğu ilə seçilirdi. Novruz ərəfəsində səhnələşdirilmiş bu əsərdə milli-mənəvi dəyərlərimiz öz əksini tapmışdı. Belə ki, səhnənin dekoru, şagirdlərin geyimi və ifa tərzi həmin dövrləri özündə əks etdirirdi. Klassikamızın nadir nümunələrindən sayılan bu əsər şagirdlərin ifasında öz üslubunu və məzmununu heç də itirməmişdi. Tamaşa xeyriyyə məqsədilə təşkil olunduğu üçün əldə edilən vəsait qayğıya ehtiyacı olan insanlara sərf olunacaq.