Yaxşılıq etməyə tələsin !
Keçən il məktəbimizdə Ümumdünya Yaxşılıq günü münasibətilə böyük xeyriyyə aksiyası keçirdik və aksiya nəticəsində yığılan pullar hesabına iki xəstə uşağın müalicəsini ödədik. Bu gün həmin uşaqların səhhəti xeyli yaxşılaşmışdır və buna görə də keçən il aksiyada iştirak edən hər kəsə dərin təşəkkürümüzü bildiririk. Bu il də fevralın 17-də artıq məktəbimizin ənənəsinə çevrilmiş Ümumdünya Yaxşılıq gününü qeyd etdik və bu məqsədlə “1 manat” aksiyası, satış yarmarkası, könüllü ianələr kampaniyası keçirdik. Bu gün yağan qara, şaxtalı hava şəraitinə baxmayaraq, məktəb Parlamentinin üzvləri rəngbərəng şarlar alaraq hamını sevindirdilər. Onlar müəllimlər otağına, fənn kabinetlərinə, sinif otaqlarına girərək hamıya şar bağışladılar. Belə bir sürprizi gözləməyən müəllimlər, valideynlər və şagirdlər çox sevindilər. Xüsusilə də, ibtidai sinif şagirdlərinin sevincinin həddi-hüdudu yox idi. Yaxşılıq günü belə sevincli əhvali-ruhiyyə ilə başladı və elə beləcə də davam etdi...