Ekoloji mədəniyyətimizin nümunəsi – “Ağ şəhər”
Bildiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016/2017-ci tədris ilində öz fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında həyata keçirir. Yanvar ayı Baş İdarə tərəfindən “Ekologiya və İqtisadiyyat” aylığı elan edilmişdi və şagirdlərimiz də həvəslə bu layihəyə qoşularaq, “Qənaət tükənməz bir xəzinədir” mövzusunda maraqlı bir araşdırma apardılar. Saytımızda bu barədə ətraflı məlumat yerləşdirmişdik. Layihənin davamı olaraq fevral ayında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin həyata keçirilməsi təklif olunmuşdu. Mövzu ilə bağlı məktəbimizin 8-ci sinif şagirdləri “Ağ şəhər” haqqında araşdırma aparmağı qərara aldılar. Onlar kameralarını da əllərinə alıb Ağ şəhər mərkəzinə yollandılar. Şagirdlərimiz vaxtı ilə “Qara şəhər” adlanan bu ərazinin tarixi keçmişi, orada yerləşən zavod və müəssisələr, bu zavodların əraziyə və əhaliyə vurduğu ziyan və nəhayət, müasir ekologiyamızın ən gözəl simvollarından birinə çevrilmiş “Ağ şəhər” haqqında maraqlı araşdırma apardılar. Yaxın keçmişdə neft tullantıları ilə çirklənmiş bu böyük ərazi bu gün dövlət başçımızın qayğı və diqqəti nəticəsində dünya şəhərsalma şedevrlərindən birinə çevrilmişdir. Şagirdlər ərazidə aparılan tikinti işləri barədə, neft emalı zavodunun qarşısında köhnə avadanlıqları yeni tunel qazma maşınları ilə əvəz edən işçilərin fəaliyyəti barədə, yeni dənizkənarı bulvar sahəsi, “Bakı Ağ şəhər” ofis binası barədə maraqlı məlumatlar çatdırdılar. Onlar ərazidə yaşayan sakinlərdən müsahibə götürərək, əhalini narahat edən problemlərlə də maraqlandılar. Şagirdlərimizin hazırladığı videoçarxa saytımızın videoqalereyasından və facebook səhifəmizdən baxa bilərsiniz.