Ekoklub üzvlərinin Zooloji muzeyə ekskursiyası
Payız tətili günlərində M.Müşfiq adlna 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklub üzvlərinin Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji muzeyə ekskursiyası təşkil olunub. Məktəbin 7-ci sinif şagirdləri 1971-ci ildə yaradılmış Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmini əks etdirən müqəvvalar, skeletlər, yaş preparatlardan ibarət 1703 eksponatla yaxından tanış olublar. Muzeydə dünya faunasından Afrikada yaşayan adi şir, mavi qnu, torşəkilli zürafə kimi savanna heyvanları, Amerikada yaşayan puma, Avroasiyanın səhralarında yaşayan sayqak, Asiyanın dağlıq ərazilərində yaşayan Sibir dağ keçisi, Avropa və Ön Asiyanın meşələrində yayılan adi lan, Hindistanda yaşayan Asiya fili nümayiş etdirilir. Gənc ekoloqlar biomüxtəlifliyin öyrənilməsi və təbliği məqsədilə yaradılan muzeylə tanışlıq zamanı heyvanlar aləminin zəngin bioloji müxtəlifliyi, müxtəlif ekosistemlərdə ətraf mühitə uyğunlaşması, sayının tükənməsi səbəbləri və qorunması tədbirləri barədə əlavə məlumat almışlar. Azərbaycanın “Qırmızı kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaratmışdır. Maraqlı ekskursiya zəngin təəssüratlar və xatirə foto-şəkilləri ilə şagirdlərin yaddaşında xüsusi iz qoymuşdur.