Ata vəsiyyəti və inamlı zəfər

Bu gün məktəbimizin Akt zalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Ata vəsiyyəti və inamlı zəfər" adlı bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi. Daha sonra ümummilli lider, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin və eləcə də torpaqlarlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlərimizin böyük sevgi və fəxr hissi ilə söylədikləri şeir kompozisiyaları, ifa etdikləri musiqilər, rəqslər və tamaşa  hər kəsin marağına səbəb oldu. "Həqiqətin əks üzü" adlı tamaşada şagirdlərimiz erməni xəyanətkarlığını, hiyləgərliyini və yaltaqlığını, eləcə də əsgərlərimizin şücaətini, qəhrəmanlığını oynadıqları rolları ilə izləyicilərə təqdim etdilər.

Tədbirdə Yasamal RİH-in rəhbər heyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Çıxış üçün söz məktəbimizin direktoru Leyla xanım Fətiyevaya verildi. O, öz nitqində şagirdlərə təşəkkür edərək bildirdi ki, xalqımız artıq üçüncü ildir Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanıldı.

Daha sonra çıxış edən Yasamal RİH başçısı Elşad Həsənov  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə idi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov da öz çıxışında tədbir iştirakçılarını 8 noyabr Zəfər Günü münasibətilə təbrik etdi və yeni nəsli vətənpərvərlik ruhunda böyütməyin əhəmiyyətindən danışdı.

Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi