Əsrlərdən süzülüb gələn milli-mənəvi dəyərlərimiz
Bu gün məktəbimizdə “Əsrlərdən süzülüb gələn milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının möhtəşəm və əzəmətli abidəsi sayılan “Kitabi-Dədə Qorqud”un təhlilinə həsr olunan dəyirmi masada məktəbin 9-cu sinif şagirdləri iştirak etdilər. Ulu sənət nümunəsi olan “Kitabi-Dədə Qorqud” eposunun boyları şagirdlər tərəfindən təhlil olundu. Onlar boydakı obrazları səciyyələndirərək, hər bir oğuz igidinin nümunəvi qəhrəmanlığından danışdılar. Oğuz elində qadına, yurda, vətənə, torpağa olan məhəbbətdən söz açan şagirdlər dastanın bu günlə səsləşməsini də vurğuladılar, ordumuzun qüdrətindən, aprel döyüşlərindən danışdılar. Daha sonra şagirdlər dastandakı boylardan səhnələşdirdikləri parçaları iştirakçılara təqdim etdilər. Tədbirin sonunda məktəbimizin direktoru “Kitabi-Dədə-Qorqud” dastanının xalqın tarixində, soykökündə qoyduğu dərin izdən və Ulu öndərimiz Heydər Əliyevin bu dastana verdiyi yüksək qiymətdən bəhs etdi.