Mütaliə vərdişlərinin təkmilləşdirilməsi
“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində bu gün 4b sinfində “Qazan xan və oğlu Uruz” boyunun təhlili aparıldı. Şagirdlər dərsə el ağsaqqalı Dədə Qorqudun müdrik kəlamları ilə başladılar. Sonra onlar Qazan xan, Uruz obrazlarını təhlil etdilər, ata-oğul münasibətləri haqqında müzakirələr apardılar. Daha sonra şagirdlər dastanda yer alan ən böyük milli-mənəvi dəyərlərimiz olan vətənpərvərlik, şücaət, qəhrəmanlıq mövzuları haqqında maraqlı fikirlər söylədilər. Məktəbimizin 10-cu sinifləri isə Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsinin müzakirəsini keçirdilər. Əvvəlcə sinif müəllimi Münəvvər Hüseynova Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək, onun hekayələrinə keçid etdi. Şagirdlər hekayənin sujet xəttini, obrazların xüsusiyyətlərini ətraflı təhlil etdilər. Sinif qruplara ayrıldı və hər bir qrup adını daşıdığı qəhrəmanın daxili aləmini tam açmağa nail oldu. Sonda şagirdlər şərəf, ləyaqət, insanlıq anlayışları ətrafında qızğın mübahisələr apardılar. Müzakirələr və şagirdlərin söylədiyi fikirlər hamının böyük marağına səbəb oldu. Mütaliə vərdişlərinin təkmilləşdirilməsi üzrə keçirilən tədbirlər şagirdlərimizin söz ehtiyatının genişlənməsinə, daxili aləminin zənginləşməsinə, oxunan əsər haqqında rəy bildirmək, öz fikrini sərbəst ifadə etmək bacarığının formalaşmasına kömək edir. Gələcəkdə belə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.