"Siz ən uca zirvəsiz" adlı tədbir keçirildi

Bu gün məktəbimizin ibtidai siniflərində 27 Sentyabr Anım Gününə həsr olunmuş "Siz ən uca zirvəsiz" adlı tədbir keçirildi. IV-lərin təşkil etdikləri bu tədbir məktəbimizin şəhid məzunlarından olan Ələkbər Ələsgərovun əziz xatirəsinə ithaf edildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbir şagirdlərin ifasında şeir kompozisiyaları ilə davam etdi. Şəhid məzunumuzun anasının tədbirdə iştirakı hər kəs tərəfindən qürurla qarşılandı. Ə.Ələsgərovun həyat və döyüş yolundan bəhs edən şagirdlər daha sonra onun haqda qısa videorolik nümayiş etdirdilər. Şəhidimizin anası Sveta xanım çıxışında məktəb rəhbərliyinə, oğlunun təlim və təhsilində əməyi keçən bütün müəllimlərə öz təşəkkürünü bildirdi. O, şagirdlərə Vətəni sevməyi, onu qorumağı, bir qarış torpağını belə yada verməməyi tövsiyyə etdi. Sveta xanım düşmənə qalib gəlməyin digər yollarından birinin təhsildən, savaddan keçdiyini şagirdlərin nəzərinə çatdırdı.
Sonda məktəbimizin direktoru Leyla xanım Fətiyeva çıxış edərək tədbirin təşkilində rolu olan hər kəsə, şagirdlərə, gələn qonaqlara öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkib. O, general Polad Həşimovun ölümündən sonra könüllü orduya yazılıb. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda savaşıb, 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Hökməli qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.