Mikayıl Müşfiqin anadan olmasından 115 il ötür

Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 115 il ötür. Nakam şairin adını fəxrlə daşıyan məktəbimizin həyətyanı sahəsindəki heykəli şagirdlər və müşfiqsevərlər tərəfindən ziyarət olunub, abidəsinin önünə güllər qoyularaq sevimli şairin eziz xatirəsi yad edilib.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.
İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.
Azərbaycan Dövlət Darülfünunun (universitetinin) Dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.