Ekoklub üzvləri təbiətin tarixini öyrənirlər

Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklub üzvləri 26 may 2023-cü il tarixdə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiyada olublar. 1930-cu ildə AMEA Geologiya İnstitutunun nəzdində yaradılan muzey 1944-cü ildən etibarən dahi təbiətşünas Həsən bəy Zərdabinin adını daşıyır. Muzeyin geologiya və zoologiya şöbələrində 40 mindən artıq eksponat nümayiş etdirilir. Ekoklub üzvləri geologiya şöbəsində zəngin mineral kolleksiyası ilə, zoologiya şöbəsində tarixi geoloji dövrləri təmsil edən onurğasız və onurğalı heyvanların müqəvvaları, formalin məhlulunda saxlanılan nümunələr ilə tanış olublar. Azərbaycan təbiətinin qədim tarixini əks etdirən eksponatlar, ocümlədən Binəqədi qır gölündən tapılan onurğalı heyvanların qalıqları, Binəqədi gərgədanının skeleti, Mingəçevirdə aşkar edilmiş cənub filinin yuxarı çənəsi böyük maraqla qarşılandı. Dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Mingəçevir kolleksiyaları, muzeyin qızıl fonduna aid "Qırmızı kitab"a daxil olan 20 heyvan növü, suda-quruda yaşayanlar, sürünənlər, balıqlar, quşlar, məməlilərin müxtəlif növləri ilə tanışlıq, bioloji müxtəliflik barədə məlumatlar gənc ekoloqlarda zəngin təəssürat yaratdı.