“Muzeylər və Heydər Əliyev ili” interaktiv muzey həftəsi
“Muzeylər və Heydər Əliyev İli” adlı interaktiv proqram çərçivəsində Bakı şəhəri
M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekokerudit” ekoklub üzvləri, 6-7-ci sinif
şagirdləri Üzeyir Hacıbəylinin Ev-Muzeyində və Azərbaycan Milli İncəsənət Muzeyində
ekskursiyada olmuşlar. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı və
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən proqramın
məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliği,
məktəblilərin Heydər Əliyevin azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif
dövrləri barədə məlumatlandırılması, Bakıda və regionlarda fəaliyyət göstərən muzeylərin,
Heydər Əliyev mərkəzlərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf
konsepsiyası və etnoqrafik aspektləri ilə tanış olmasıdır. Ümummilli lider Heydər Əliyevin 100
illik yubileyi münasibətilə muzeylərdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi
ekspozisiyalar nümayiş etdirilir. 19.05.2023-cü il tarixdə ekoklub üzvləri dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin Ev-Muzeyində maraqlı ekspozisiya ilə tanış oldular. İlk öncə Ulu
öndərin xatirəsinə həsr edilmiş fotolar və tablolar nümayiş etdirildi. Ümummilli liderin
incəsənətə, mədəniyyətə, incəsənət xadimlərinə xüsusi diqqət və qayğısı vurğulandı. Muzeydə
qayğı ilə qorunan Üzeyir bəyin həyat və fəaliyyətini əks etdirən şəxsi əşyaları, musiqi əsərlərinə
aid ekspozisiya, Şuşadakı evinin maketi gənc ekoloqların böyük marağına səbəb oldu.
24.05.2023-cü il tarixdə ekoklub üzvləri, 6-7-ci sinif şagirdləri Azərbaycan Milli İncəsənət
Muzeyində Azərbaycan və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət
əsərləri ilə tanış oldular. Muzeyin xüsusi zalında Ümumilli lider Heydər Əliyevin Azərbaycan
rəssamları tərəfindən yaradılmış portretləri, Ulu öndərin ölkəmizdə mədəniyyətin və incəsənətin
inkişafına xüsusi diqqətini əks etdirən foto-sərgi böyük maraqla qarşılandı. Bəhruz Kəngərli,
Əzim Əzimzadə, Nadir Əbdürrəhmanov, Baba Əliyev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov,
Xalidə Səfərova, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Mikayıl Abdullayev, Elbəy
Rzaquliyev, Tahir Salahov, Maral Rəhmanzadə, Ömər Eldarov, Toğrul Sadıqzadə və digər
rəssamların sənətkarlıq əsərləri, xüsusilə təbiətə aid rəsmləri gənc ekoloqlarda unudulmaz
təəssüratlar oyatdı. Səttar Bəhlulzadə və Tahir Salahovun yaradıcılığına ayrılan xüsusi zallarda
şagirdlərə ətraflı məlumat verildi. Xalq rəssamı Ömər Eldarovun “4 fəsil” adlı heykəltaraşlıq
əsərində təbiət fəsillərinin insan ömrü ilə obrazlı müqayisəsi maraqla qarşılandı. Bu il
Beynəlxalq Muzeylər Gününün “Muzeylər, Dayanıqlılıq və Rifah” devizi altında keçirilməsi
ölkəmizin milli-tarixi, mədəni sərvətlərini nümayiş etdirən muzeylərin bəşəri və milli dəyərlərin
qorunmasında rolunu, maarifləndirici əhəmiyyətini əks etdirir.
Qeyd edək ki, ilk dəfə olaraq 2015-ci ildən etibarən Elm və Təhsil Nazirliyi Respublika
Uşaq-Gənclər İnkişaf Mərkəzi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının birgə təşəbbüsü ilə “Məktəblilər üçün muzey həftəsi” proqramı ənənəvi şəkildə
keçirilir və layihə əsasında yeni interaktiv təhsil proqramı yaradılıb.