Muzeylər, Dayanıqlılıq və Rifah
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşlar və ölkəmizin qonaqları bu gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə etdilər.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub.
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur.
Bu gün məktəbimizin Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimova ilə müxtəlif yaş qrupundan olan şagirdlərimiz Bakı şəhərinin tam mərkəzində Azərbaycanın 6 görkəmli söz ustadının – Füzulinin, Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəm heykəllərinin ucaldığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyatı Muzeyində oldular.
Muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapmışdır. Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissilə ziyarət edirlər.
Muzeyin yeni ekspozisiyasında bir neçə zal da yaradılmışdır. Nəsrəddin Tusi, Şəms Təbrizi, Zülfüqar Şirvani, Molla Qasım Şirvanin yaradıcılığını əks etdirən ekspozisiya, Şah İsmayıl Xətaiyə, Həsən bəy Zərdabiyə, Hüseyn Cavidə həsr olunmuş ayrıca zallar da ziyarətçilərin heyranlığına səbəb olur.