Vətən mənə oğul desə, nə dərdim?!
Bu gün məktəbimiz 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Fərid Hüseynovun adını daşıyan 3c sinif şagirdləri onun silahdaşlarını, öz deyimləri ilə desək, "can dostları"nı qonaq etdi. Bu qürurverici görüş şagirdlərimizi və məktəb kollektivini yaxın keçmişimizdə baş vermiş, milyonlarla qəlbdə sevinc, qürur, kədər kimi hisslərin qarışıq yaşandığı 44 günə yenidən qaytardı. Şəhidimizin bu savaşda hansı cəsurluqları, igidlikləri nümayiş etdirdiklərini böyük fəxr və qürur hissi ilə şagirdlərin diqqətinə çatdıran hərbiçilər balaca fidanları Vətəni sevməyə, uğrunda hər şeyə hazır olmağa çağırdılar. Qeyd edək ki, DİN-in Daxili Qoşunlarının baş çavuşu olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan müharibə zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Fərid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.