STEAM layihəsi çərçivəsində təlim xarakterli görüş keçirildi

Bu gün məktəbimizin VII-VIII siniflərinin şagirdlərindən ibarət olan 5 nəfərlik komandamızla 189-190 nömrəli tam orta məktəbin qonağı olduq. İştirak etdiyimiz təlim xarakterli görüşdə digər məktəblərin komandaları da iştirak edirdi. Təlimdə STEAM çərçivəsində maraqlı məlumatlar öyrənildi, yarışlar keçirildi, praktiki olaraq öyrənilənlərin tətbiqi ilə leqolardan hazırlanmış kiçik robotlar düzəldildi. Təlimdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində siyasi şöbənin müdiri, konsul Edvard Craymbl şagirdlərlə görüşərək, onlara bu layihədə uğurlarının davamlı olmasını dilədi.
STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.