31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi
Bu gün məktəbimizdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə müavin Rəvanə Məmmədova XX əsrin dəhşətli qətliamlarından olan bu soyqırımın şagirdlər tərəfindən unudulmamasının, hər zaman rəğbət və qürurla anılmasının vacibliyindən söhbət açdı. Daha sonra tarix müəllimləri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən, rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsindən, on minlərlə insanın itkin düşməsindən bəhs etdilər. Daha sonra məktəbimizin direktoru Rəşad Alcanov da öz növbəsində bir sıra tarixi faktlar barədə danışaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart gününün Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Sonda tədbirdə iştirak edən IX sinif şagirdləri də bu günün mahiyyətindən bəhs edən fikirlər soylədilər, videoçarxlar nümayiş etdirdilər.