İnsan alveri ilə bağlı dəyirmi masa keçirildi
Bu gün məktəbimizdə DSMF-nin Sosial Xidmətlər Agentliyi tabeliyində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşlarının iştirakı ilə tədbir keçirildi. Bildirildi ki, bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. İnsan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini təmin edirlər. Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır. Qanunvericiliyə əsasən məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. Bundan başqa son vaxtlar bu işlə məşğul olan çirkin insanlar tərəfindən daha çox istifadə edilən insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi insan alveri halları kimi qeyd edilir. İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması - reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı.