“Mənim kitab daxılım” adlı layihəyə qoşulduq

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) tərəfindən 2023-cü il aprel ayının 8-9-10-u tarixlərində II Uşaq Kitab Festivalı təşkil ediləcək. Uşaqların bayramına çevriləcək bu tədbir Bakı İdman Sarayında baş tutacaq. Bu festivala hazırlıq məqsədilə birliyin idarə heyəti tərəfindən uşaqların festivala gəlməsinin təmin edilməsi və istədiyi kitabı ala bilməsi üçün “Mənim kitab daxılım” adlı layihənin icrasına başlanılıb. Daxılların paylanılma məqsədi şagirdlərə izah edilib, II Uşaq Kitab Festivalı haqqında məlumat verilib (əlavə məlumat və festival barədə informasiyanı izləmək üçün daxıl üzərindəki QRcode telefona oxudulması lazım olduğu qeyd edilib).
Şagirdlərin sevdikləri uşaq yazıçıları ilə görüşüb onlara sual vermək imkanları olacaq. Bundan başqa, kukla tamaşaları, şou-proqram, uşaqların ifasında rəqs və mahnılar, masterklasslar, üzboyamalar, əyləncəli və öyrəncəli təlimlərdə, proqramlarda iştirak təşkil olunacaq.
Daxıllar açıq formada olduğu üçün əmək təlimi (texnologiya) dərslərində şagirdlərin öz daxılını düzəltməsi təmin olunub. Şagirdlər bu daxıllara hər gün 1, 5, 10 AZN və daha böyük kağız pullar ataraq aprel ayının 8-nə qədər pul yığacaqlar. Daxıl kartondan olduğu üçün qəpikləri saxlamaya bilər, ona görə də daxıla kağız pul atmaq arzuolunandır. Şagirdlər aprel ayında II Uşaq Kitab Festivalında daxıllarını açıb yığdıqları pullarla istədikləri kitabı ala biləcəklər.
Festifal ANAİB-in birbaşa dəstəyi ilə keçiriləcək və uşaqların unudulmaz kitab bayramına çevriləcək II Uşaq Kitab Festivalı gələcək nəsillərin rifahı üçün atılan addımlardandır.