Təhsil Tələbə Krediti Fondunun maarifləndirici tədbiri keçirildi

29.03.2023 tarixdə məktəbimizdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşları IX-XI sinif şagirdləri ilə maarifləndirici tədbir keçirdilər. Tədbirdə Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edərək bu layihənin önəmini şagirdlərin nəzərinə çatdırdılar. Təhsil Tələbə Kreditinin qaydaları, sosial və standart növləri haqqında söhbət açan əməkdaşlar tələbələrin, eləcə də şəhid ailələrinin, müharibə veteranlarının övladlarının, həssas, sosial qrupların ailə üzvlərinə məxsus tələbələrin dövlətin maliyyə dəstəyi hesabına təhsil alacaqları və onlara təhsillə bağlı bir sıra güzəştlərin olunacağı ilə bağlı, həmçinin bu kredit növündən hansı şərtlərlə istifadə edilə biləcəyi barədə məlumat verdilər. Dövlətimiz tərəfindən təhsilə əlçataçlığın təmin edilməsi, təhsil almaqda bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi daşıyan bu fond minlərlə abituriyentin arzularının fövqündə dayanan bir layihədir. Onlar Təhsil Tələbə Kreditinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, peşə təhsili müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrin yararlana biləcəyini bir daha diqqətə çatdırdılar. Layihənin yaradılmasında məqsəd Azərbaycan elminə, təhsilinə xidmət edən layiqli gəncləri xalqa və cəmiyyətə qazandırmaqdır.