Müşfiq adını uca tutan məktəb
Azərbaycan poeziyasının ən parlaq səhifəsini yazmış gənc şairimiz M.Müşfiqin bu gün anım günü keçirildi. Müşfiqin xatirəsini yad etmək üçün ədəbiyyat sevərlər, müşfiqsevərlər, poeziya həvəskarları, ictimaiyyət və telekanallar onun büstü önünə toplaşmışdılar. Qısa ömrünün 7 ilini doğma məktəbimizin divarları arasında pedaqoq kimi fəaliyyət göstərmiş Müşfiq kollektivimiz və şagirdlərimiz tərəfindən hər zaman sevilə-sevilə anılır. Adını daşıyan məktəbdə təhsil alan şagirdlərimizə bütün zamanlarda örnək ola biləcək şeirləri ilə yaddaşlarda həkk olunan bu şairin anım günündə biz də yaxından iştirak etdik. 10-cu sinif şagirdi Aydan Göyüşlünün söylədiyi “ Gecə düşüncələri “ şeiri tədbirə xüsusi rəng qatdı. Çıxışlardan sonra iştirakçılar M.Müşfiqin Xızı rayonundakı Sayadlar kəndində yerləşən ev muzeyinə yola düşdülər.