“Buludlardan dənizə” suyun qorunması və səmərəli istifadəsinə aid ekoloji tədbir
Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən
“Ekoerudit” ekoklubun üzvlərinin iştirakı ilə “Buludlardan dənizə” adlı suyun qorunması və
səmərəli istifadəsinə həsr edilmiş ekoloji maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbin
tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova çıxış edərək, suyun həyatımızda rolu,
sudan qənaətli istifadənin əhəmiyyətini, suyun qorunması və su israfçılığının qarşısının
alınmasında hər kəsin məsuliyyətli olduğunu qeyd etdi. Ekoklubun rəhbəri, Elm və Təhsil
Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova
içməli su ehtiyatlarının davamlı istifadəsi sahəsində ölkəmizdə keçirilən tədbirlər, “Su həyatdır”
devizi altında “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” proqramının suya
qənaət nominasiyası üzrə ekoklub üzvlərinin məktəbdə keçirdikləri təbliğat aksiyaları və suyun
monitorinqi haqqında məlumat verdi. Məktəbimizin adını daşıdığı dahi Azərbaycan şairi Mikayıl
Müşfiqin su haqqında yazdığı misralar xatırlandı:
Yağış yağır, rəqs eyləyir gur damlalar,
İnci-inci, sıra-sıra nur damlalar.
Ekoklub üzvləri Fatimə Xanəhmədli, Murad Mustafazadə, Məhəmməd İbrahim, Qüdrət
Dəmirli, Əliağa Dadaşzadə və Murad Quluzadə Azərbaycanın şirin su ehtiyatları, içməli su
problemi, suyun çirklənmə mənbələri və insan sağlamlığına təsiri, suya qənaət üsulları barədə
təqdimatla çıxış etdilər. Ekoklub üzvləri su sərfiyyatını azaltmaq və qənaətli istifadə məqsədilə
xüsusi müraciət vərəqələri hazırlayıb məktəbin sanitar qovşaqlarında yerləşdirdiklərini
bildirdilər. Gənc ekoloqlar su istifadəçilərinin münasibətini öyrənmək məqsədilə məktəblilər və
valideynlər arasında sorğu keçirməyi qərar aldılar. Tədbirdə Elm və Təhsil Nazirliyi və
YUNİSEF-in birgə əməkdaşlığı ilə hazırlanmış “İqlim dəyişmələri və su ” adlı animasiya filmi
nümayiş etdirildi. Ekoklub üzvləri işçi qruplarda tənzif, pambıq, kömür və xırda daşlardan
istifadə edərək sadə su fitrləri hazırladılar. Çirklənmiş suyu filtrdən süzərək suyun mexaniki və
kimyəvi təmizlənməsini nümayiş etdirdilər. Təbiətə səyahət zamanı suyun təmizlənməsi üçün
belə filtrlərin istifadəsi məsləhət görüldü.
Ekoklubin üzvləri Fatimə Xanəhmədli və Məhəmməd İbrahim Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən
“Suyun qoruyucuları” adlı tədbirdə fəal iştirak edərək sertifikatlara layiq görülmüşlər.