Ekoklub üzvləri təbiətin tarixini öyrənirlər
Ekoklub üzvləri təbiətin tarixini öyrənirlər
Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekoerudit”
ekoklubun üzvləri 30 noyabr 2022-ci il tarixdə Həsən bəy Zərdabi adına Təbiət tarixi muzeyində
ekskursiyada olmuşlar. Bu il anadan olmasının 185 illiyi qeyd olunan görkəmli təbiətşünas ziyalı
Həsən bəy Zərdabinin adını daşıyan muzeydə gənc ekoloqlar müxtəlif dövrlərdə planetdə
yaşayan canlıların unikal ekspozisiyası ilə tanış olmuşlar. Muzeyin zoologiya, paleontologiya və
geologiya şöbələrində dünyanın və Azərbaycanın təbii sərvətlərini, misilsiz heyvanlar aləmini
əks etdirən maraqlı eksponatlar haqqında şagirdlərə məlumat verilmişdir.
Qədim kərgədan, dinozavr, cənub fili, ibtidai öküz, sarmat balinası, yırtıcılar, quşların
skeletləri və müqəvvaları, onurğasız heyvanların formalində saxlanılan nümunələri, ölkə
ərazisində müasir dövrdə və geoloji keçmişdə yaşamış digər heyvanların eksponatları
məktəblilərin böyük marağına səbəb olmuşdur. "Qırmızı kitab"a düşmüş 20 heyvanın
müqəvvasının muzeyin qızıl fonduna daxil edildiyi və ən qədim eksponatın 400 milyon yaşı
olduğu qeyd edilmişdir. Dördüncü dövrə aid olan Binəqədi qır gölü, Pirəkəşkül, Eldar hipparion,
Mingəçevir kolleksiyaları, Naxçıvanda aşkar edilmiş paleozoy erasına aid mərcan polipləri
kolleksiyası, qədim Azərbaycan florasını əks etdirən tablolarla tanışlıq ölkəmizin təbiətinin taxi
dövrləri və bioloji müxtəlifliyi barədə gənc ekoloqların biliklərini artırmışdır. Geologiya
şöbəsində respublikamızda məlum olan mineral-filiz yataqlarından toplanmış porfirit, bazalt,
travertine, mərmər, dolomit kimi 83 adda süxur və mineral nümunəsi əyani olaraq nəzərdən
keçirilmişdir. Misilsiz təbiət aləminə heyrətamiz və maraqlı səyahət ekoklub üzvlərində zəngin
təəssüratlar yaratmışdır.
30 aprel bütün dünyada “Beynəlxalq ev heyvanları günü” kimi qeyd olunur. Hazırda
yaşayan canlıların muzey eksponatı kimi deyil, həm də təbiətdə qorunub saxlanması üçün ev
heyvanlarına olduğu kimi bütün heyvanlara qayğıkeş münasibət göstərməli, onların yaşadığı
mühiti mühafizə etməliyik.