Ekoklub üzvləri Bakı Zooloji Parkında

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekoerudit” ekoklubun
üzvləri Bakı Zooloji Parkında ekskursiyada iştirak etmişlər. 4 oktyabr- Ümumdünya
heyvanların mühafizəsi gününə həsr edilmiş ekskursiyanın əsas məqsədi dünyada və
Azərbaycanda yaşayan heyvan növləri ilə tanışlıq, heyvanların bioloji müxtəlifliyi, həyat tərzi,
yaşayış mühiti və əsas bioloji xüsusiyyətləri haqqında maarifləndirmə, nadir və nəsli kəsilməkdə
olan heyvan növlərinin qorunması barədə şagirdlərin biliklərinin artırılmasıdır. Ekoklub üzvləri
Zooparkda saxlanılan məməlilər, quşlar, balıqlar, amfibilər və sürünənləri müşahidə edərək bu
heyvanlar haqqında maraqlı məlumatlar öyrənmişlər. Hazırda Zooparkda saxlanılan 125 heyvan
növünün 22-si Qirmizi Kitaba daxil edilmişdir.
Akvaterrariumdakı 62 növ balıqlar və sürünənlər uşaqların xüsusi marağına səbəb olaraq
saxlanma şəraiti, qidalanması və qorunması barədə əlavə məlumat öyrənmişlər. Ev
heyvanlarının saxlandığı “Ferma”da heyvanlarla canlı təmas yaradılmış, heyvanlara qayğıkeş və
humanist münasibətin əhəmiyyəti bir daha vurğulanmışdır. “İnsanların dostları” olan heyvanların
mühafizəsinin və həyatının yaxşılaşdırılmasının hər kəsi düşündürməli olduğu qeyd edilmişdir.
Bir sıra nadir heyvan növlərinin canlı genofondunun qorunmasında zooparkların rolu diqqətə
çatdırılmışdır. Zooparkda zebu, xallı maral, nəcib maral, bizon, ikihürgüclü dəvə, lama, alpaka,
şotland ponisi, Amur pələngi, Afrika şiri, bəbir, yaquar, canavar, Qafqaz ayısı, safsar, Amerika
yenotu, uzunquyruq meymun, dəvəquşu, adi qızılqaz, Dağıstan turu, ağbaş kərkəs, dəniz qartalı,
sultantoyuğu, toğlugötürən, qırqovul, tovuzquşu, Nil timsahı, Aralıq dənizi tısbağası anakonda
və s. canlılarla tanışlıq heyvanlar aləminin zənginliyi barədə məktəblilərin biliklərini daha da
artırmışdır. Zooparkdan zəngin təəssüratlarla ayrılan gənc təbiəti qoruyanlar heyvanlar aləminin
qorunmasının, onlara qayğıkeş münasibətin vacibliyini bir daha qeyd etmişlər.