"Ölkəmizi tanıyaq" tur-aksiyası
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, müstəqillik illərində əldə edilmiş nailiyyətlərini dərindən öyrənmək məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. Maarifləndirici tur aksiyanın bu dəfəki səyahəti Lənkəran, Masallı və Astara rayonlarına oldu. Tur-aksiya iştirakçıları dörd gün ərzində ekskursiya proqramı üzrə çox maraqlı məkanlarda oldular, həmin yerlərin tarixini, mədəniyyətini daha da yaxından öyrənib zəngin məlumatlar topladılar. Onlar doğma Vətənimizin inkişafını, tərəqqisini öz gözləri ilə görüb unudulmaz anlar yaşadılar. Məktəbimizin hərbi rəhbəri Telman Məmmədov başda olmaqla şagirdlərimiz Fuad Əfəndiyev, Fidan Əzizli, Turanə Məmmədova bu səfərdə iştirak edərək, xoş təəssüratlarla Bakıya qayıtdılar. Onlar gəzdikləri, gördükləri məkanlar və yeni tanış olduqları dostları haqqında fotoları məktəbimizdəki şagirdlərlə paylaşdılar və belə bir layihənin təşkilinə görə ölkə Prezidentinə və Yasamal rayon İcra Hakimiyyətinə dərin təşəkkürlərini bildirdilər.