Birincilərin təqdimatında bayram konserti keçirildi
Bu gün məktəbimizin birinci siniflərinin bayram konserti keçirildi. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bu tədbir həm də 1-ci sinfi bitirmiş, yeni biliklər əldə etmiş və növbəti sinfə qədəm qoymuş balacaların yekun tədbiri idi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru R. Süleymanova birincilərin bu özəl gününü təbrik edərək onlara bu günün məzmun və mahiyyəti barədə məlumat verdi. Sonra o, çıxışında hər bir dövlətin başlıca vəzifəsinin cəmiyyətin gələcəyi olan bu uşaqların qayğısına qalmaq, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etmək olduğunu bildirdi. Bu gün dövlətimizin bu məsələyə qayğı ilə yanaşmasını, müstəqil Azərbaycan uşaqlarının diqqət və qayğı ilə əhatə olunmasını xüsusi vurğuladı. Sonra o, sözü birincilərə ötürərək tədbirə start verdi.
Birincilər də öz növbəsində hazırladıqları rəqsləri və səhnəcikləri ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bağışladılar. Onların hazırladıqları milli və xarici rəqslər, fleşmoblar tədbirə xüsusi rəng qatdı.
Sonra bütün birincilər "Azərbaycan" mahnısını ifa edərək tədbiri yekunlaşdırdılar.
Qeyd edək ki, birincilərin bu konserti valideynləri tərəfindən də xüsusi maraq və rəğbətlə qarşılandı. Övladlarının böyük məharətlə çətin rəqslərin öhdəsindən gəlməklərini, proqram çərçivəsində çıxışlarını izləyən valideynlər məktəbin bu bir il ərzində uşaqların həyatında böyük rol oynadığını və xüsusi vərdişlər formalaşdırdığını qeyd edərək müəllim və məktəb kollektivinə təşəkkürlərini bildirdilər.