Xeyriyyə tamasası

 

23.05.2022-ci il tarixdə məktəbimizdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin təcrübədə olan tələbələri və məktəbimizin 10-cu sinif şagirdləri tərəfindən hazırlanmış xeyriyyə tədbiri keçirildi. Tədbir hələ də sevincini yaşadığımız və tariximiz boyunca yaşayacağımız o böyük Zəfərin təntənəsi ili - Şuşa ili və ədəbiyyat tariximizdə böyük rolu, mövqeyi olan M. F. Axundzadənin 210 illik yubileyinə həsr olunmuşdur. Bu əlamətdar günlər münasibətilə şagirdlərimiz dahi dramaturqun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadükuni məşhur” əsərini səhnələşdirdilər. Şagirdlərin məhz bu əsəri seçmələri heç də təsadüfi deyil. Bu əsərdəki hadisələr Qarabağda, hələ bəlkə də elə Şuşada baş vermişdir. Bu baxımdan bu komediya bu gün bizə daha munis görünürdü.

Beləliklə, şagirdlərimiz çox böyük məharətlə əsəri səhnələşdirərək məktəb kollektivinə və tədbirdə iştirak edən qonaqlara təqdim etdilər. Maarifçilik ideyalarını özündə əks etdirən bu əsəri şagirdlər bütün incəlikləri ilə tamaşaçılara çatdırmağa çalışdılar. Əsərdə baş verən konfliktləri, geriliyi, gülüş obyekti olan Dərviş Məstəli Şah və mütərəqqi ideya daşıyıcısı olan Müsyö Jordan obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Gülüş hədəfi olan qadın obrazları da şagirdlərimiz tərəfindən böyük məharətlə canlandırılırdı. Tamaşa hər kəs tərəfindən böyük maraqla izlənildi.

Qeyd etmək istərdik ki, xeyriyyə məqsədi ilə təşkil olunan bu tamaşada bir sıra qonaqlarımız da iştirak edirdi. Belə ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Yasamal rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova, UNİCEF-in sosial əməkdaşı Məsmə Xeyrullayeva, İB əməkdaşları, Vətən Müharibəsi qaziləri və məktəbimizin şəhid məzunu Hüseyn Tağıyevin anası Mətanət Tağıyeva iştirak edirdilər. BŞTİ-nin müdiri M. Vəliyeva çıxış edərək şagirdləri bu gözəl gündə təbrik etdi, mədəniyyətimizə böyük töhfələr verən    M. F. Axundzadənin əsərlərinin səhnələşdirilməsini yüksək qiymətləndirdi.

 Sonra Yasamal rayon İH-nın müavini T. Muradova da ö növbəsində şagirdlərə uğurlar arzulayaraq gələcəkdə də bu cür əsərlərin səhnələşdirilməsini tövsiyə etdi.

Sonda şəhid məzunumuz Hüseyn Tağıyevin anası çıxış edərək tədbir iştirakçılarına, şagirdlərə tamaşadan böyük zövq aldığını, onlara daim Hüseyn kimi Vətən qarşısında qoyulan borclarını layiqincə yerinə yetirmələrini, Vətənimizi sevməyi, adını və bayrağını hər zaman uca tutmağı tövsiyə etdi.

Tədbirdə iştirak edən digər qonaqlar da öz növbəsində çıxış edərək məktəbin bu böyük aksiyada iştirakını alqışladılar. Qeyd edək ki, tamaşadan yığılan vəsait YAŞAT Fondunun hesabına köçürüləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi