"Hər şey övladımız üçün" adlı dəyirmi masa keçirildi
19.05.2022-ci il tarixdə 18 nömrəli tam orta məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində müəllimlər, valideynlər, psixoloqların iştirakı ilə “Hər şey övladımız üçün” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açaraq mövzunun hər zaman aktual olduğunu bildirdi. Qeyd etdi ki, şagirdlərin şəxsiyyət kimi yetişmələri baxımından bu cür görüşlərin keçirilməsi, məktəb-valideyn əməkdaşlığının istənilən səviyyədə olması vacibdir. Valideynlər övladlarının təlim nailiyyətləri, o cümlədən tərbiyə, mənəvi inkişaf məsələləri ilə daim marqlanmalı, məktəblə daimi əlaqə saxlamalıdırlar. Şagirdlərin dəyirmi masada valideynlərə müraciət məzmunlu çıxışları da maraqla qarşılandı. Sonra məktəbin psixoloqu Arzu Məmmədova mövzu ilə bağlı çıxış etdi. Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri təhlil olundu. Psixoloji xidmət sahəsində məktəbdə görülən işlər, problemlər haqqında valideynlərə ətraflı məlumat verildi. Bildirildi ki, görülən işlərin, aparılan təhlillərin nəticəsi onu göstərir ki, bir çox problemlərin kökü ailədən qaynaqlanır, məhz bu baxımdan valideynlər övladlarına xüsusi diqqətlə yanaşmalı, münasibətlərini qarşılıqlı hörmət əsasında qurmalıdırlar. 53 nömrəli məktəbin psixoloqu Ləman Quliyeva boşanmaların uşaq psixologiyasına təsirindən danışdı. Sonra valideynlər dəyirmi masada müzakirələrə qoşularaq mövzuya münasibət bildirdilər. Valideynlərin çoxsaylı sualları, onları düşündürən problemlər məktəbin direktoru Rəna Süleymanova və psixoloq Arzu Məmmədova tərəfindən cavablandırıldı.