"Şəhidlik zirvəsi" şəhid Hüseyn Tağıyevin anım günü
44 günlük Vətən Müharibəsini canları, qanları hesabına bizə qazandıran, Azərbaycanın ərazi bütövlüynün bərpası və qorunması üçün sipər dayanan, keçmiş tarixini bir an belə unutmayıb daima Əmr gözləyən, bu Əmrlə illərin həsrətinə canları bahasına son qoyan şəhidlərimiz məktəbimizdə mütəmadi olaraq anılır və silsilə tədbirlər keçirilir. Bu tədbirlər sırasına bu gün keçirdiyimiz anım günü də əlavə olundu. Müharibə zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən biri məktəbimizin məzunu olmuş Hüseyn Tağıyevdir. Tədbirdə şəhid məzunumuzun anası Mətanət xanım, bir neçə şəhid anaları, qazilər iştirak edirdilər.
Bir vaxtlar təhsil aldığı məktəbin, oxuduğu sinfin indiki şagirdlərinin, məktəb rəhbərliyinin istəyi və H. Tağıyevin anasının razılığı ilə 6 b sinif otağına onun şəkli asılaraq “Hüseyn Tağıyev sinfi” elan edildi. Bu gün həmçinin şəhidimizin anası Mətanət xanımım 60 illik yubileyi idi. O dedi ki, məktəb tərəfindən bu təşəbbüsün irəli sürülməsi onun Hüseyn şəhid olduqdan sonra aldığı ən böyük hədiyyə və dəstəkdir. 6-cılar şeir kompozisiyası ilə çıxış etdikdən sonra H. Tağıyev üçün şagirdlərimizin hazırladıqları videoçarx nümayiş etdirildi. Videoçarx şəhidin uşaqlığından, həyat və döyüş yolundan fraqmentlər ilə zəngin idi.
Çıxış edən digər şəhid anaları və qazilər bu qəbildən olan tədbirlərin zərurətindən bəhs edərək bildirdilər ki, körpə beyinlərə, kiçik qəlblərə vətənpərlik hissi uşaqlıqdan aşılanmalıdır.
Sonda məktəbimizin direktoru R. Süleymanova da çıxış edərək gələn qonaqlara, şagirdlərə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi.