Ekoklub üzvləri YARAT Müasir İncəsənət Məkanında
Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoklub” üzvləri 28.04.2022-ci il tarixdə YARAT Müasir İncəsənət Məkanında rəssam Çingiz Babayevin “İNSƏN” adlı yeni fərdi sərgisində iştirak etmişlər. Heykəltaraş rəssamın şəxsi təcrübəsindən qaynaqlanan və cəmiyyətin müxtəlif aspektlərini işıqlandıran sərginin əsas qəhrəmanı zamanın nəbzi ilə yaşayan İnsan və onun əməlləridir.
Ekoklub üzvləri sərgidə insan cəmiyyətində təsir və əks təsirləri təcəssüm edən heykəllər və instalyasiyalar ilə tanış olmuşlar. Məktəblilər cəmiyyətlə ətraf mühit arasında mürəkkəb qarşılıqlı əlaqələr prizmasında yaranan prosesləri təcəssüm etdirən əsərləri seyr etmişlər. İnsan və onun ətrafı, hissləri və emosiyaları üzərində qurulan sərgi, baş verən bütün proseslərin mərkəzinin və əsas iştirakçısının insanın özünün olmasını vurğulayır. Ekoklub üzvləri Yer üzərində canlı həyatın müxtəlifiyi haqqında biliklərini daha da artıraraq insanların müxtəlifliyi haqqında əlavə biliklərə yiyələnmişlər. İnsanların müxtəlifliyini əks etdirən sərgidə eyni bir insanın təkrarlanan həyat situasiyalarında özünü fərqli aparması da təsvir edilmişdir.
Ekspozisiya ilə tanış olduqdan sonra şagirdlər interaktiv çalışmaları yerinə yetirmişlər. Sərgi iştirakçıları təqdim olunan insan fiquru şəklində xüsusi paylama vərəqlərindən və rəngli jurnallardakı şəkilllərdən istifadə edərək müxtəlif insan obrazlarını yaratmağa çalışmışlar. Hazırladıqları insan fiqurlarını yallı gedən rəqqaslar şəklində birləşdirməklə insan cəmiyyətinin müxtəlifliyini, emosiya və hisslərin rəngarəngliyini əks etdirən yaradıcılıq işlərini nümayiş etdirmişlər. Müasir incəsənət nümunələri ilə tanış olan Ekoklub üzvləri zəngin təəssüratlar və xatirə foto-şəkilləri ilə sərgidən ayrılmışlar.