."Vətənpərvərlik ən ali mənəvi dəyərdir" mövzusunda tədbir keçirildi

“Vətənpərvərlik ən ali mənəvi dəyərdir” mövzusunda tədbir keçirildi

Bu gün məktəbimizdə “Vətənpərvərlik ən ali mənəvi dəyərdir” adlı milli-mənəvi dəyərlərin aşılanması məqsədilə təşkil olunmuş tədbir keçirildi. Tədbirdə bir çox qonaqlar iştirak edirdilər. Onların sırasında XIX əsrin məşhur xeyriyyəçi mesenatı Ağa Musa Nağıyevin qız nəvəsi tarix elmləri üzrə doktor, yazıçı-publisist  Dilarə Nağıyeva-Muxtarova da var idi. “Maarifpərvər milyonçu”nun davamçısı olan D. Nağıyeva-Muxtarovanın öz növbəsində bir sıra milli-mənəvi dəyərlərin formalaşmasında və şagirdlərə onun düzgün aşılanmasında müstəsna xidmətləri olmuşdur. Bunlardan biri də onun təşəbbüsü ilə lentə alınmış sənədli filmdir. Filmdə Azərbaycan tarixində ucaldıqları şəhidlik zirvəsi ilə iz qoyan Pəncəli Hüseynov və Cəbrayıl Dövlətzadədən, onların həyat və döyüş yollarından bəhs edilirdi. Bir çox təsirli kadrları özündə əks etdirən film şagirdlərdə sevgilərin ən alisi olan vətənə məhəbbət hissinin aşılanmasında özünəməxsus rol oynadı. Tədbirdə cəmiyyətin və dövlətin inkişafının güclənməsinin, onun hər bir fərdinin vətənpərvərlik mövqeyindən asılı olduğu da vurğulandı. Dilarə xanım həm də babası A. M. Nağıyevin  vətənpərvər azərbaycanlı örnəyi olduğundan bəhs edərək, şagirdlərə zaman-zaman bunun gələcək nəsillərə ötürülməsini tövsiyə etdi.

Daha sonra tədbirdə iştirak edən, uşaq yaşlarından Yazıçılar İttifaqının üzvü olan yazıçı Sevindik Nəsiboğlu 44 günlük Vətən müharibəsinə həsr etdiyi vətənpərvər mövzuda yazılmış “Möhtəşəm zəfərin nişanəsi” adlı yeni kitabını məktəbimizin kitabxanasına hədiyyə etdi.

Tədbirdə həmçinin Yasamal rayon Qadınlar Şurasının sədri də iştirak edirdi. O da öz növbəsində çıxış edərək yetişən nəsildə güclü vətənpərvərlik hissinin tərbiyəsi, onun gələcək vətəndaşlıq mövqeyinin, dövlətçilik hissinin təşəkkül tapmasında mühüm rol oynadığını, əsl vətəndaşın, ilk növbədə, vətənpərvər olmalı olduğunu vurğuladı.

Tədbirdə iştirak edən şəhid ailələrinin  hər biri çıxış edərək şagirdlərə vətəni sevməyi, onu göz bəbəyi kimi qorumağı, inkişaf etdirməyi, adını daim uca tutmağı, lazım gələrsə, vətən naminə gözlərini qırpmadan canlarını fəda etmələrini, onların şəhid övladlarının əziz xatirələrini  yad etmələrini, onların döyüş yolunu bir ornək kimi gələcək nəsillərə çatdırmağı tövsiyə etdilər.

Sonda məktəbimizin direktoru R. Süleymanova A. M. Nağıyev adına “Milli dəyərlərin qorunması” İctimai Birliyi tərəfindən təsis olunmuş “Ağamusa zirvəsi” diplomu ilə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi