“ZƏFƏRLİ YURDUMUN TACISAN, ŞUŞA” mövzusunda dəyirmi masa
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilməsi və “22 aprel – Beynəlxalq Yer günü” ilə əlaqədar olaraq 21 aprel 2022-ci il tarixində Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Zəfərli yurdumun tacısan, Şuşa” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə 18 nömrəli tam orta məktəbin rəhbərliyi, biologiya müəllimləri, “Ekoerudit” ekoklubun rəhbəri və ekoklub üzvləri, şagirdlər iştirak etdilər.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd “Şuşa ili” və “22 aprel - Yer günü” ilə əlaqədar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının təbiəti, təbii sərvətləri və bioloji müxtəlifliyi, təbiətə qarşı törədilən ekoloji terrorun ağır nəticələri, həmin ərazilərdə təbiətin bərpası istiqamətində həyata keçirilən tədbirlər barədə, bu il 270 illiyi qeyd olunan Şuşa şəhərinin tarixi və unikal təbiəti haqqında məktəblilərin geniş məlumatlandırılmasıdır. Tədbirin açılışında 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanova çıxış edərək “Şuşa ili” ilə əlaqədar ölkə səviyyəsində keçirilən tədbirlərin, “22 aprel - Yer günü”ndə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan yaşıllaşdırma aksiyalarının əhəmiyyətini vurğuladı.
“Ekoerudit” ekoklubun üzvləri, məktəbin 6-cı sinif şagirdləri Yusif Abdullayev, Solmaz Dadaşova, Məhəmməd İbrahim, Murad Mustafazadə, Şəfəq Oruczadə, Qüdrət Dəmirli, Nəzakət Vəlixanlı və b. “Zəfərli yurdumun tacısan, Şuşa” mövzusunda təqdimatla çıxış edərək, Şuşa şəhərinin qədim tarixi, işğaldan azad edilmiş ərazilərdəki dövlət təbiət qoruqları, yasaqlıqlar barədə, Qarabağın flora və faunası, canlı təbiətə qarşı ekoloji vandalizmin, meşələrə, su hövzələrinə qarşı düşmən terrorunun ağır nəticələri, təbiətin və bioloji müxtəlifliyin bərpası məqsədilə həyata keçirilən mühüm tədbirlər haqqında məlumat verdilər.