“Plastik butulkalara ikinci həyat verək” adı altında tədbir keçirildi

Məktəbimiz 2009-cu ildən Almaniya Federativ Respublikasının Höte İnstitutunun tərəfdaşı olaraq, PASCH, yəni dünyanın partnyor məktəbləri layihəsinə daxildir. Qeyd edək ki, Azərbaycanda yalnız iki məktəb : M.Müşfiq adına 18 № -li məktəb və Tusi adına gimnaziya bu proyektin üzvüdürlər. Layihə çərçivəsində dil kursları ilə yanaşı, hər il beynəlxalq miqyasda tanınan Höte Sertifikat İmtahanları keçirilir. Bu sertifikatları əldə edən şəxslər alman dilli ölkələrdə təhsillərini davam etdirə bilərlər. Eyni zamanda Höte İnstitutunun nümayəndələri məktəbimizdə alman dilində müxtəlif tamaşaların qoyulması,viktorinaların və idman yarışlarının keçirilməsi, ətraf aləmin qorunması kimi maraqlı tədbirlər həyata keçirirlər. Elə bu tədris ilində də onlar maraqlı bir layihə keçirməyi təklif etdilər :“Plastik butulkalara ikinci həyat verək!” Bu məqsədlə oktyabrın 22-də məktəbimizin şagirdləri Almaniyanın” Goethe-İnstitutun” “ Vernetzt Für Nachhaltigkeit” proyekti əsasında “Plastik butulkalara ikinci həyat verək” adı altında tədbir keçirdilər. Ətraf mühitin qorunması və tullantılardan səmərəli istifadə etmək məqsədilə şagirdlər alman dili müəllimi Səkinə Əhmədova başda olmaqla istifadə olunmuş plastik butulkaları yığıb, onlara “ikinci həyat” verdilər. Onlar işlənmiş su butulkalarından quşlar üçün yuva düzəldərək, məktəb həyətindəki ağaclardan asdılar. Sonda şagirdlər hazırladıqları asılan butulkalara dən tökməklə quşları bu yuvalara cəlb edə bildilər. Alman-Azərbaycan birgə layihəsi çərçivəsində keçirilən bu tədbir uğurla başa çatdı.Tədbirdən görüntülər Almaniya səfirliyinə və Höte İnstitutuna göndərildi.