“Uzun yolun işığı” adlı ilk radio-efirimiz
Bu gün M.Müşfiq adına 18№-li məktəbdə Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Uzun yolun işığı” adlı ilk radio-efir keçirildi. Tədbir canlı radio efiri vasitəsilə bütün məktəbə yayımlandı. Məktəbdə ilk dəfə keçirilən tədbirin radio vasitəsilə yayımının məhz bu gün keçirilməsi heç də təsadüfi deyildi. Başlıca məqsədimiz Müstəqilliyinin 25 ilini qeyd edən çiçəklənən Azərbaycan Respublikasının necə məşəqqətli tarix yolu keçdiyini, böyük sınaqlara, çətinliyə dözərək əldə etdiyi azadlıq yolunu, öz milli müstəqilliyini bərpa etməsi gününü radio vasitəsilə hər bir məktəbliyə çatdırmaq idi. Yayım şagirdlər tərəfindən hazırlanan çıxışlarla davam etdirildi. Buraxılışın sonunda şagirdlərimizin ifasında kompozisiya səsləndi. Sonda çıxış edən məktəb direktoru Rəna Süleymanova bu bayram münasibətilə hamını təbrik edərək, hər bir şagirdin öz elmi, təhsili, ən kiçik uğuru ilə belə bu dövlətə faydalı, gərəkli olmasını tövsiyə etdi. Çətinliklə qazanılan bu Müstəqilliyin qorunmasının məhz gələcək nəslin əlində olmasını bir daha vurğuladı.Tədbirin radio proqramı vasitəsilə keçirilməsinin məqsədi bu gün haqqında informasiyanın düzgün çatdırılması, əhatə dairəsinin genişliyi və məktəbdə ilk ictimai yayım ənənəsinin əsasının qoyulması idi. Radio-efir bu sözlərlə bitdi : "Hamını Müstəqillik günü münasibətlə təbrik edirik. Yaşasın Müstəqil Azərbaycan!"