Harada daha gərəkliyəm - adlı tədbir keçirildi
14.02.2022-ci il tarixdə Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Harada daha gərəkliyəm”- peşəyönümü xidmətilə bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə 9-cu sinif şagirdləri, sinif rəhbərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə direktor müavini Rəvanə Məmmədova açaraq şagirdlərə düzgün peşə seçimi ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, peşə seçimi həyati əhəmiyyətli bir məsələdir. Məhz buna görə doğru seçim edib, düzgün qərar vermək vacibdir. Sonra məktəbin psixoloqu Arzu Məmmədova peşəyönümü işinin psixoloji xüsusiyyətləri ilə bağlı məlumat verdi. Peşəyönümü – gənclərə peşə seçimində edilən köməklik və bu işdə düzgün yol göstərməkdir. Bu zaman onların marağı, meylləri,qabiliyyətləri, əmək bazarında olan mövcud tələbat nəzərə alınmalıdır. Düzgün başlanğıc müvəffəqiyyətin yarısıdır. Düzgün peşə seçmisənsə, demək, həyat yolunu doğru irəliləmək imkanın var. İş elə olmalıdır ki, insanın yaradıcılıq imkanlarını genişləndirə, onu cəlb edə bilsin. Psixoloqun ətraflı məlumatından sonra mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Sinif rəhbəri Şəlalə Muradəliyeva, Uşaq Birliyi Rəhbəri Gülnar Kərimova da şagirdlərə tövsiyələr verdilər. Şagirdlər mövzu ilə bağlı onlara yönəldilən sualları cavablandırdılar. Şagirdlərin maraqlı cavabları ilə tədbir yekunlaşdı.