"Sağlam həyat tərzi" adlı dərs keçirildi
21.01.2022 - ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir ” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Sağlam həyat tərzi” idi. Dərsin məqsədi şagirdlərə sağlam həyat tərzi, gün rejiminə riayət etmə bacarıqlarını aşılamaqdan ibarət idi. Dərs lövhədə əks olunan şəklin müzakirəsi ilə başlandı. Məktəbn psixoloqu Arzu Məmmədova tərəfindən şagirdlərə lövhədəki şəkillə bağlı suallar verildi. Cavabların ardından bildirildi ki, şəkildə gördüklərimiz sağlam həyat tərzinin açarlarıdır. Lakin vacib olan gündəlik həyatımızda şəkildə gördüklərimizə əməl etməkdən ibarətdir. Belə ki, düzgün qidalanmaq, idmanla məşğul olmaq, yuxu rejimi və s. sağlam həyat tərzi baxımından çox əhəmiyyətlidir. Sonra şagirdlərə mövzu ilə bağlı yeddi tapmacanı özündə əks etdirən çalışma vərəqələri paylanıldı. Tapmacaların cavablarına uyğun olaraq şagirdlər növbəti çalışma vərəqəsində saat üzərində rəngli karandaşlardan istifadə etməklə gün rejimi planlamasını həyata keçirdilər.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsindən sonra şagirdlərə gün rejiminə riayət etmələri, müntəzəm idmanla məşğul olmaları üçün çalışma vərəqələri paylanaraq ev tapşırıqları verildi.