"Güc birlikdədir!" adlı dərs keçirildi
05.01.2022 - ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabfiiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Güc birlikdədir!” idi. Dərsin məqsədi şagirdlərdə sərbəst mühakimə yürütmək, qrup çalışması, yaradıcılıq, liderlik bacarıqlarının inkişaf etdirilməsindən ibarət idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, istənilən mövzuda qərar verməzdən əvvəl ətraflı düşünmək, qərar qəbul etməzdən əvvəl yaxın insanların da fikrini öyrənmək vacib insani xüsusiyyətlərdəndir. Eyni zamanda liderlik bacarıqlarına malik olmaq cəsarətli olmağımıza səbəb olur. Bütün bu bacarıqlar cəmləndikdə insan daha yaradıcı olur və istənilən problemi həll edə bilir. Dərs boyu şagirdlər dörd nəfərlik qruplar şəklində fəaliyyət göstərdilər. Şagirdlər təqdim olunan 4 çalışma vərəqəsində verilən tapşırıqları qrup şəklində yerinə yetirdilər. Qrup üzvlərinin hər birinin fikirləri çalışma vərəqələrində öz əksini tapdı. Mövzu ilə bağlı şagirdlər çalışma vərəqəsində sulu boya ilə rəsm çəkdilər. Rəsm bir vərəqdə bütün qrup üzvləri tərəfindən çəkildi. Hər çalışma vərəqəsini qrup adından bir lider təqdim etdi. Çalışma vərəqələri rəngli fon karton üzərinə yapışdırılaraq qrup adından lövhəyə asıldı.
Sonda şagirdlərə bildirildi ki, açıq fikirlilik, qrup çalışması, liderlik, yaradıcılıq kimi bacarıqlar həyat boyu istifadə edə biləcəyiniz güclü tərəfləriniz olacaq. Həyatda qarşınıza problemlər çıxarkən bir komanda da olsanız, tək də olsanız əldə etdiyiniz bacarıqlar sayəsində hər şeyi dəyərləndirib yaradıcı çıxış yolları taparaq problemləri həll edəcəksiniz!