Doğru danış, xoşbəxt ol!-adlı dərs keçirildi
20.12.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 3 b Sağlam Təhsil sinfində Bakı şəhəri 296 nömrəli tam orta məktəblə əməkdaşlıq çərçivəsində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi, Şagirdlərin Mənəvi Dəyərlərinin Yüksəldilməsi üçün addım “Zənginliyim daxilimdədir” layihəsi üzrə növbəti dərs keçirildi. 45 dəqiqəlik növbəti dərsin mövzusu “Doğru danış, xoşbəxt ol !” idi. Məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Dərs mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün oyunla davam etdi. Şagirdlər həvəslə oyunda iştirak etdilər. Bir-birini sürətlə əvəz edən çoxsaylı suallar maraqlı cavablarla yadda qaldı. Oyunun ardından şagirdlər dürüstlüklə, doğru danışmaqla bağlı sualları cavablandırdılar. Sonra şagirdlər mövzu ilə bağlı həyati situasiyaları özündə əks etdirən çalışma vərəqələrini işlədilər. Müxtəlif situasiyalarda dürüstlük, doğru danışmaqla bağlı nümunələrin ardından verilən sualları şagirdlər yazılı şəkildə cavablandırdılar. Yalanların acı nəticələri, yol açdığı fəsadlar birlikdə müzakirə olundu. Şagirdlərə ev tapşırığı verildi. Dərs “Bir-birinizə qarşı dürüst olun, o zaman nə qədər xoşbəxt olacağınızı hər biriniz görəcəksiniz! “- cümləsi ilə yekunlaşdı.