Daha bir uğurumuz
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında “44 Gün” adlı respublika virtual yaradıcılıq müsabiqəsi keçirilmişdir. Təsviri sənət nominasiyası üzrə məktəbimizin şagirdi Qulammirzəyeva Məryəm ikinci yerə layiq görülmüşdür. O, öz kiçik əsərini ərsəyə gətirdiyi zaman keçirdiyi hiss, həyəcan və fikirləri bu cür dilə gətirdi : “Bu sürrealist rəsmimdə mən "44 Gün" boyunca yaşanan hadisələri və bu "44 Gün"ün sonunda əldə etdiyimiz nəaliyyətləri simvollar şəklində əks etdirmək istədim. Rəsmdəki xarıbülbüllər qələbəni, qərənfil isə şəhidləri və itkilərimizi təmsil edir. Bildiyimiz kimi nar folklorumuzda birliyi tərənnüm edir. Buna görə onu da rəsmimə əlavə etmək istədim. Masanın üzərinə artıq xalqımızın birliyinin və gücünün digər bir simvolu olan "Dəmir yumruq" heykəlciyini çəkdim. Yerdə olan xalça “Gəncə xalçası”dır. Onun sol aşağı küncünün yanıb kül olması Gəncəyə atılan bombaları və orada olan faciəni tərənnüm edir. Çəkdiyim televizorda "44 Gün" boyunca bütün televiziya kanallarında, xəbərlərdə olan "Qarabağ Azərbaycandır" mesajını yazmaqla həm bizim qələbəyə inamımızı, həm də doğru xəbər mənbələrinə sahib olduğumuzu göstərmək istədim. Yaratdığım bu xəyali evin sahibləri də qarabağlıdır. Buna görə də televizorun qarşısına illərdir həsrət qaldıqları, ancaq artıq qovuşacaqları köhnə evlərinin açarlarını qoyublar. Divarda asılı olan çərçivədəki rəsmdə Xudafərin körpüsünü çəkməkdə məqsədim isə sərhədlərin bərpasını göstərmək idi. Son olaraq isə pəncərədən görünən təyyarələrin Azərbaycan bayrağını çəkməsi paraddan bir səhnə idi.”
Biz də öz növbəmizdə bütün məktəb kollektivi adından Məryəmi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.